Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Şəhidlərimiz
11 Aprel , 2017

Rasim Məmmədov 1977-ci ilin 20 may günündə Babək rayonunun Cəhri kəndində I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub. Rasim Məmmədovun atası Əbdül Məmmədov müharibədə aldığı zədə nəticəsində 25 ildən artıq əlil arabasında ömür yaşadı və 2016-cı ilin 25 aprel günündə oğlunun şəhidliyindən 23 gün sonra vəfat etdi.

Rasim Məmmədov 1983-cü ildə Cehri kənd orta məktəbinin birinci sinfinə getdi və 1994-cü ildə həmin məktəbi bitirdi. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə bitirdi. Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini 177 nömrəli hərbi hissədə davam etdi.

Rasim Məmmədov Samirə xanım ilə ailəli idi, Asim (17.11.2007) adında oğlu və Aysu adında qızı yadigar qalıb.

Leytenant Rasim Məmmədov 2000-ci ildən 2001-ci ilə qədər 177 nömrəli hərbi hissədə "təlim taborunun PDM-2 tuşlayıcı" tağımının komandiri, 2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi hissədə "T-55 təlim döyüş tankları" tağımının komandiri vəzifələrində çalışdı.

2002-ci ildə Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə baş leytenant rütbəsi alan Rasim Məmmədov, həmin ildən 2005-ci ilə qədər 077 nömrəli hərbi hissədə "tank" tağımının komandiri vəzifəsində çalışdı.

Baş leytenant rütbəsi almasından 3 il sonra, 2005-ci ildə Rasim Məmmədov Səfər Əbiyevin əmri ilə kapitan rütbəsi aldı və 130 nömrəli hərbi hissədə "1-ci mexanikləşdirilmiş bölük" komandiri vəzifəsində çalışdı.

Kapitan Rasim Məmmədov 2007-ci ildən 2010-cu ilə qədər 703 nömrəli hərbi hissədə 5-ci Moto Atıcı Taborun Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi, 2010-cu ildən 2011-ci ilə qədər isə həmin 5-ci Moto Atıcı Taborun rəisi vəzifəsində çalışdı. Daha sonra o, bir müddət 161 nömrəli hərbi hissənin 5-ci Moto Atıcı Taborun Qərargah rəisi kimi xidmət etdi. Elə həmin ildə, 2011-ci ildə Rasim Məmmədov Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə mayor rütbəsi aldı.

2011-ci ildən 2012-ci ilə qədər 704 nömrəli hərbi hissədə 5-ci Moto Atıcı Taborun komandirinin müavini, 2012-ci ildən 2014-cü ilə qədər isə, həmin 5-ci Moto Atıcı Taborun komandiri vəzifəsində çalışan mayor Rasim Məmmədov 2014-cü ildən 2015-ci ilə qədər, həmin hərbi hissənin 2-ci Moto Atıcı Taborun komandiri kimi xidmət etdi.

18 aprel 2015-ci ildən, şəhid olduğu günə qədər isə mayor Rasim Məmmədov 706 nömrəli hərbi hissədə 2-ci Moto Atıcı Taborun komandiri vəzifəsində çalışdı.

Mayor Rasim Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Rasim Məmmədov doğulduğu Babək rayonunun Cəhri kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər rayon ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və mayor Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rasim Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edildi.