Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Şəhidlərimiz
4 Mart , 2015

1956-cı il dekabr ayının 11-də  Tərtər rayonunun Xoruzlu kəndində anadan olub.  Orta təhsilini həmin kəndin orta məktəbində almışdır.1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna qəbul olunmuş, 1975-ci ilin noyabr ayında hərbi xidmətə getmişdir. 1984-1992-ci illərdə Arxangelsk vilayətində  yaşamış və orada ailə  həyatı qurmuşdu.

Dağlıq Qarabağ hadisələrinə  biganə qala bilməmiş və doğma torpağa  qayıdaraq 1992-ci il may ayının  4-dən  “Tərtər  özünümüdafiə batalyon”una daxil olmuşdur. Sıravi döyüşçü kimi mübarizəyə başlayan  Vəzir Orucov batalyon  komandirinin  müavini  vəzifəsinədək yüksəlmişdir.V.Orucov batalyonun kəşfiyyat qrupuna rəhbərlik edirdi.Batalyonun başlayacağı  bütün döyüş əməliyyatlarından azı bir gün əvvəl özünün seçdiyi  bir qrup döyüşçü ilə həmişə düşmənin arxasına keçər, onların canlı qüvvəsi və  texnikasının yerləşdiyi yer və sayı  barədə dəqiq məlumatlar gətirərdi. Onun belə cəsarətli kəşfiyyatçı  hərəkətlərinin batalyonun uğurlu döyüş əməliyyatlarını  aparmasında müstəsna rolu olurdu.  V.Orucov Ağdərə bölgəsində  Marquşavan, Levonarx, Madagiz, Çıldıran,  Vaqaus  uğrunda gedən döyüşlərdə  şəxsi igidlik və şücaətlər göstərmişdir.

O, 1992-ci il sentyabr ayının  1-də Ağdərə bölgəsində  Çıldıran kəndi uğrunda  döyüşdə ağır yaralanmışdır.   Noyabr ayının 2-də yarası tam sağalmasa  da yenidən döyüşə getmişdir.  Ağdərə bölgəsinin azad olunmasında misilsiz qəhrəmanlıqlar göstərmiş, ermənilərin  yüzlərlə canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. O, cəsur və qorxmaz döyüşçü kimi həmişə döyüş əməliyyatlarının önündə gedirdi. Bu vuruşlarda misli görünməmiş döyüş qabiliyyətinə, igidliyinə görə yoldaşları onu əfsanəvi döyüşçü kimi tanıyırdılar.

1993-cü il mart ayının 22-də Ağdərə bölgəsində Qlobus yüksəkliyi uğrunda döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

1993-cü il mart ayının 27-də ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsindəki  döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi  şəxsi igidlik və şücaətə, əsgəri borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Evli idi. Camal adlı bir oğlu yadigar qalıb. Bakıda “Şəhidlər Xiyabanı”nda dəfn edilib.