Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Görkəmli şəxsiyyətlər
17 Noyabr , 2015

Tağıyeva Roza Murtuza qızı 
Azərbaycan Respublikasının xalq artisti

Roza Tağıyeva: «Həyatımda bəzən elə anlar olub ki, yaşamaq belə istəməmişəm»
Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sevilən aparıcısı Roza Tağıyeva ANS-PRESS-in qonağı olub.
- 45 ildir ki, AzTV-də işləyirsiniz. Ötən günlərə qayıdaq. Necə oldu ki, efirə gəldiniz? 
- Tərtərdə doğulub boya-başa çatmışam. Rayondan Bakıya gələndə televiziya nə olduğunu bilmirdim, çünki rayonumuzda televizor yox idi. Lakin uşaqlıqdan radio diktoru Fatma Cabbarovanın səsinə valeh idim. Saatlarla onun hazırladığı musiqiləşdirilmiş poemalara qulaq asırdım. Ümumiyyətlə, uşaqlıqdan bədii qiraətə böyük həvəsim olub. Hətta məktəbdə oxuyarkən aktrisa olmaq həvəsinə düşmüşdüm, lakin bu barədə düşünməkdən belə qorxurdum. Çünki rayon ailəsində bunu ağlından keçirmək belə mümkün deyildi. M.F.Axundov adına Xarici Dillər İnstitutuna daxil olandan sonra şəhərə köçdüm. Efirdə aparıcı Sima Xasıyevanı gördükdən sonra diktor olmağa həvəsim daha da artdı. Hər gün qəzeti götürüb güzgünün qabağında özüm-özümlə məşq edirdim. Günlərin bir günü televizorda diktor müsabiqəsi barədə elan eşitdim və uşaqlıq arzumu gerçəkləşdirmək qərarına gəldim. Kirayədə qaldığım üç rəfiqəmlə AzTV-yə gəldik. Düzünü desəm, televiziyanın dəhlizinə daxil olanda və oradakı yaraşıqlı şəhər qızlarını görəndə başa düşdüm ki, heç bir şansım yoxdur. Lakin hər üç turdan böyük uğurla keçdim və işə qəbul olundum. Mənə elə gəlir ki, orada olan insanlar içimdəki həvəsi görüb məni işə qəbul etdilər. 
- Ailəniz razı oldu? 
- Bir il çətinlik çəkdim, ailəm efirə çıxmağa icazə vermirdi. Lakin anamı razı salandan sonra 1962-ci ildə efirə çıxdım. 
- Nə vaxtsa peşmançılıq hissi keçirmisiniz?
- Əsla. Düzü, bir ara televiziyada elə bir şərait yaranmışdı ki, məni üzümə gülə-gülə, iclaslarda tərifləyə-tərifləyə efirdən, hətta radiodan uzaq salmışdılar. Həmin anda içimdə sanki nəsə qırılmışdı, mənən ölmüşdüm. Efir üçün darıxmırdım, danışıq üçün, ünsiyyət üçün darıxırdım... Lakin Arif müəllim (Arif Alışanov - Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri - red.) məni sanki yenidən həyata qaytardı. Ümumiyyətlə, o, televiziya işçilərinə, xüsusilə də veteranlara böyük hörmətlə yanaşır. Mənə bundan başqa nə lazımdır?! İnsanlara lazım olduğumu görmək və yeni nəslin səsimi eşidən kimi məni tanıması və böyük hörmətlə yanaşması məni çox sevindirir. Sanki ikinci həyat bəxş edir. 
- Dövlət kanalının həyatınızda mühüm yeri olar. 
- Desəm ki, ikinci ailəm olub, bu bir az yalan olar. AzTV mənim birinci ailəm olub. Səmimi deyirəm. Çünki həm ömrümün çox hissəsi burada keçib, evdən çox işdə olmuşam, həm də həyatımın ən ağır günlərində, şəxsi həyatımla bağlı əlimin həyatdan üzüldüyü anlarda mənə məhz AzTV dəstək olub. Sanki mənən batanda bir veriliş və ya bir tamaşaçı ilə görüşlə əlimdən tutub dartıb, çıxarıb və yaşadıb. Həyatımda bəzən elə anlar olub ki, yaşamaq belə istəməmişəm, «Həyatım burada qurtardı!» demişəm. lakin məhz işim mənim köməyim olub. Həyatımda baş verən faciədən sonra uzun müddət efirə çıxmadım və çıxmaq fikrim yox idi. Lakin o vaxtkı sədrimiz Elşad Quliyev məni yanına çağırdı və efirə çıxmağa məcbur etdi. Məni yaşamağa məcbur elədi. Mən dəfələrlə mənən ölmüşəm, televiziya isə məni dirildib. Bütün bunlardan sonra televiziya mənim üçün nə ola bilər? Əlbəttə həyat!.
- Efirə can atan, həvəs göstərən gənclərə nə məsləhət görərdiniz?
- Həvəs iki cür olur. Bəziləri üzdə olmaq, tanınmaq üçün can atırlar. Belə insanlara heç bir məsləhət görə bilmərəm, çünki onun sonu yoxdur. Əgər işə qəlbən sevgi yoxdursa, o, qısa müddət çəkəcək. Parıldayıb sönəcək və olmamış kimi çıxıb gedəcək. Aparıcı efirə çıxanda görünməkdən daha çox, gördüyünü axtarmalıdır. Həmin o «kamera» adlandırılan cansız dəmir parçası mənim üçün canlı insan idi. Kameranın arxasında cansız alətlə üzbəüz olduğumu unudurdum, gözləri, məni istəyən və mən istədiyim gözləri görürdüm. Və sanki onunla danışmağa başlayırdım. İndiyədək həmin o həvəs və həyəcan keçməyib. Hər efirə çıxanda həyəcanlı oluram, sanki çətin imtahandan çıxmış tələbəyə bənzəyirəm. Lakin indiki gənclər işinə həvəssiz və həyəcansız yanaşırlar. Məsləhətim odur ki, vaxtlarını boş-boşuna itirməsinlər, daxildən gələn həvəs varsa, bu sənəti seçsinlər. Çünki tamaşaçının gözü tərəzidir. Şəxsən məni tamaşaçıların istəyi yaşadır və hər kəsə bu səmimi istəkdən arzulayıram. Arzu edirəm ki, hər kəs öz işində özünü istətməyi bacarsın.