Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Görkəmli şəxsiyyətlər
21 Noyabr , 2015

Akademik Hacıyev Vahid Cəlal oğlu.

Vahid Hacıyev 1928-ci il fevralın 14-də Şuşa şəhərində anadan olmuşdur. Ailəsi ilə birlikdə Tərtər rayonuna köçən Vahid Hacıyev burada 1943-cü ildə orta məktəbi bitirmişdir. O, 1943-1947-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda tarlaçılıq fakültəsində ali təhsil almış, 1949-1952-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Botanika İnstitutunun aspiranturasında oxumuşdur. 
Əmək fəaliyyətinə 1952-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda baş elmi işçi kimi başlayan Vahid Hacıyev 1957-1958-ci illərdə Botanika Bağında direktor əvəzi, 1957-1972-ci illərdə Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, 1972-1973-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun direktoru olmuşdur. O, 1972-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda geobotanika şöbəsinin müdiri, 1978-1988-ci illərdə həmin institutun elmi işlər üzrə direktor müavini, 1988-2008-ci illərdə isə direktoru vəzifələrində çalışmışdır. 
Vahid Hacıyev 1952-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1970-ci ildə professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. 
Vahid Hacıyevin çoxillik ardıcıl və məqsədyönlü elmi fəaliyyəti əsasən Böyük və Kiçik Qafqazın, eləcə də Azərbaycanın yüksək dağ çəmənlərinin hərtərəfli və dəqiq geobotaniki tədqiqini əhatə etməklə, ölkəmizdə bu elm sahəsinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Vahid Hacıyev geobotanikanın ən müxtəlif sahələrinə, o cümlədən rayonlaşdırma, xəritələşdirmə, təsnifat, bitki ehtiyatları və onların qorunması məsələlərinə öz əsərlərində geniş yer ayırmışdır. O, botanikanın digər sahələrindən – floranın sistematikası, bitki örtüyünün, faydalı bitki ehtiyatlarının, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin öyrənilməsi problemləri ilə də davamlı məşğul olmuşdur. 
Vahid Hacıyevin elmi nəticələri respublikamızda və xarici ölkələrdə nəşr edilmiş 350-dən artıq elmi əsərdə, o cümlədən 10 monoqrafiyada öz əksini tapmışdır. Alimin rəhbərliyi altında 5 doktorluq və 40-a yaxın namizədlik dissertasiyası müdafiə olunmuşdur. O, ölkəmizin hüdudlarından kənarda keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələri ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Müasir Azərbaycanda geobotanika məktəbinin formalaşdırılmasında xidmətləri olan Vahid Hacıyev respublikada elmi kadr potensialının gücləndirilməsi naminə gənc mütəxəssislərin hazırlanması üçün bilik və bacarığını əsirgəməmişdir. O, Azərbaycan Botaniklər Cəmiyyətinin sədri kimi də təqdirəlayiq fəaliyyət göstərmişdir. 
Vahid Hacıyevin məhsuldar elmi yaradıcılığı yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Vahid Cəlal oğlu Hacıyev 2008-ci il aprel aynın 7-də ömrünün 81-ci ilində vəfat etmişdir.