Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Görkəmli şəxsiyyətlər
24 Noyabr , 2015

 

Əməkdar elm xadimi, professor Seyfəddin Mirtağı oğlu Qəndilov

Seyfəddin Qəndilov 1930-cu il sentyabr ayının 26-da Tərtər rayonunda anadan olmuşdur. Orta məktəb təhsilini başa vurduqdan sonra 1948-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsilalaraq bu ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, 1953-1956-cı illərdə isə həmin universitetin aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Dövlət Universitetində komsomol komitəsinin katibi kimi başlayan Seyfəddin Qəndilov burada 1958-ci ildə assistent vəzifəsində çalışmışdır. Sonrakı illərdə müxtəlif aliməktəblərdə, o cümlədən 1958-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda dosent, 1962-1966-cı illərdə Azərbaycan Dövlət Universitetində dosent, 1966-1971-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutundakafedra müdiri olmuşdur. 1971-ci ildə o, yenidən indiki Bakı Dövlət Universitetinə qayıdaraq professor və kafedra müdiri vəzifələrini tutmuşdur. Seyfəddin Qəndilov 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rəhbərlik etmişdir.
Seyfəddin Qəndilov 1958-ci ildə tarix elmləri üzrə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun çoxillik səmərəli araşdırmalarının nəticələri 400-ə yaxın məqalədə, bir sıra monoqrafiyadavə dərsliklərdə əksini tapmışdır.
Uzun illər ərzində tarixçi-politoloq, siyasi icmalçı olaraq Seyfəddin Qəndilov özünün əhatəli siyasi biliyi, zəngin elmi-pedaqoji səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti sayəsində respublikamızda və onun hüdudlarından kənarda tanınmışdır. Alimin tədqiqatlarının aparıcı istiqamətini siyasi tarix, beynəlxalq həyat və xarici siyasətlə bağlı problemlərin öyrənilməsi təşkil etmişdir.
Seyfəddin Qəndilovun müxtəlif illərdə sülh, Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərksilah məsələlərini geniş işıqlandıran kitabları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Onun iyirminci əsrdə Yaxın Şərq, Latın Amerikası və Afrika qitəsində cərəyan edən siyasi proseslərlə bağlı silsilə yazıları, radio və televiziya ilə beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələrin şərhinə dair müntəzəm çıxışları yüksək peşəkarlıq nümunəsi kimi yadda qalmışdır.
Professor Seyfəddin Qəndilovun rəhbərliyi altında bir neçə doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. Onun mötəbər beynəlxalq konfrans, elmi simpozium və nüfuzlu toplantılardakı çıxışları mütəxəssislərin marağına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ilk rektoru olan Seyfəddin Qəndilov göstərdiyi çoxşaxəli fəaliyyəti ilə respublikamızda dövlət qulluğu sahəsində kadr hazırlığı işinə layiqlitöhfələr vermişdir.
Seyfəddin Qəndilov öz elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ölkəmizin ictimai həyatında da fəal iştirak edərək əsl vətəndaşlıq mövqeyi tutmuş və milli dövlətçilik prinsiplərinə sadiq qalmışdır. 
Əməkdar elm xadimi, professor Seyfəddin Mirtağı oğlu Qəndilov 2010-cu il iyulun 20-də ömrünün 80-ci ilində vəfat etmişdir.