Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Görkəmli şəxsiyyətlər
27 Noyabr , 2015

Hətəm Musa oğlu Quliyev

Hətəm Musa oğlu Quliyev 1908-ci il noyabrın 8-də Şuşa şəhərində müəllim ailəsində anadan olmuşdur. Atası Musa müəllim əslən Tərtərin Mamırlı kəndindən idi, uşaqlıq və yeniyetməlik dövrü XIX əsrin 70-80-ci illərinə təsadüf edirdi. Bu, elə bir dövr idi ki, çar Rusiyasının müstəmləkəsi olan uzaq əyalətlərdə, o cümlədən Azərbaycanda da maarifçilik hərəkatı yavaş-yavaş inkişaf etməkdə idi. Xalqımızın vətənpərvər oğlu, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin millətin qəlbində maarifçilik toxumu səpməsi, dövrün görkəmli ziyalılarından Mirzə Fətəli Axundovun, Seyid Əzim Şirvaninin və başqalarının onu dəstəkləməsi nəticəsində Azərbaycanda təhsilə, dünyəvi elmlərin öyrənilməsinə maraq artmaqda idi. Elə həmin dövrdə Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsinin təşkili və oraya azərbaycanlı balalarının cəlb edilməsi respublikamızda dünyəvi təhsilin, ana dili təliminin, bütövlükdə maarifçiliyin inkişafı yolunda irəli atılmış praktik bir addım oldu. Bu işdə Azərbaycanda maarifçilik hərəkatının cəfakeşlərindən biri, milliyətcə rus olsa da, xalqımızın qızğın təəssübkeşi, görkəmli maarifçi pedaqoq Aleksey Çernyayevskinin xidmətləri danılmazdır. O, 1879-cu ildə Qori Seminariyasında Azərbaycan şöbəsini təşkil etdikdən sonra şöbəyə rəhbərlik də ona tapşırıldı. A. Çernyayevski Azərbaycanı şəhərbəşəhər, kəndbəkənd gəzərək diribaş, gözüaçıq azərbaycanlı balalarının seminariyada təhsilə cəlb edilməsi üçün olmazın əzabını çəkdi. Onun bu əzmkar fəaliyyəti İsmayıl Şıxlının “Dəli kür” əsərində müəyyən qədər öz əksini tapmışdır. 
Qori Seminariyasında Azərbaycan şöbəsinin fəaliyyət göstərdiyi 14 il ərzində həmin məktəbi 67 nəfər bitirdi. Məzunlar arasında sonralar Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının, pedaqoji fikir tarixinin inkişafında böyük xidmətləri olmuş N. Nərimanov, C. Məmmədquluzadə, S.S. Axundov. F. Köçərli, P. Əfəndiyev.... kimi görkəmli şəxsiyyətlər vardı. Musa Quliyev də Nəriman Nərimanov və Süleyman Sani Axundovla eyni vaxtda seminariyanı bitirmişdi. Sonra təhsilini Sankt- Peterburq Universitetinin rus dili və ədəbiyyatı fakültəsində davam etdirmişdir. Ali təhsilli pedaqoq kimi Vətənə qayıdan Musa Quliyev öz müəllimi A. Çernyayevski ilə birlikdə Şuşada Rus-tatar məktəbini açmış və həmin məktəbdə dərs demişdir. Yeri gəlmişkən, A. Çernyayevski həmin məktəbin müdiri olmuşdur. 
M. Quliyevin sonralar Bərdədə, Tərtərdə, Qaryagində məktəblərin açılmasında xüsusi xidmətləri olmuşdur. 1918-20-ci illərdə Qaryagin qəzasında maarif şöbəsinə rəhbərlik etmişdir. Azərbaycanda maarifçiliyin inkişaf tarixi ilə bağlı onun elmi araşdırmaları Fransa mətbuatında dərc olunmuş və orada “Qızıl qələm” mükafatına layiq görülmüşdür. Musa Quliyev 1922-ci ildə vəfat etmişdir... 
Belə bir ailədə doğulub boya-başa çatan və belə bir qeyrətli kişidən tərbiyə alan Hətəm, şübhəsiz ki, təhsildən, elmdən kənar qala bilməzdi. Bakı realnı məktəbində oxuduqdan sonra o, Tərtər Mexanizasiya Texnikumunu bitirir. Bir müddət kolxozda mühasib-iqtisadçı vəzifəsində işlədikdən sonra yenidən Bakıya gələrək ali iqtisadiyyat kursunda təhsil alır.
Hətəm Quliyev komsomol və partiya işlərində, kolxoz quruculuğunda fəal iştirak edir. 1927- 28-ci illərdə Azərbaycan LKGİ özəl təşkilatının katibi işləyir, banditizmə qarşı mübarizənin ön sıralarında olur.
1930-cu ildə partiya sıralalarına daxil olan H. Quliyev 1933-35-ci illərdə Laçın Rayon Partiya Komitəsində təlimatçı (şöbə müdiri yazıçı Əli Vəliyev olub — Q.P.) işləyir. 1935-ci ildə Tərtər elmi tədqiqat seleksiya bazasının müdiri vəzifəsinə təyin olunur. Burada o, kənd təsərrüfatı məhsullarının, xüsusən məhsuldar pambıq və taxıl növlərinin yetişdirilməsi işinə öz töhfəsini verir, təşkilatçılıq qabiliyyəti diqqəti cəlb edir. 1938-ci ildə Tərtər Maşın Traktor Stansiyası (MTS) müdirinin müavini vəzifəsinə göndərilir. İki il sonra MTS-in direktoru vəzifəsinə təyin edilir və 1942-ci ilədək bu vəzifədə çalışır. 
Hətəm Quliyevə 1942-ci ildə daha məsul vəzifə — Bərdə Rayon Siyasi Şöbəsinin rəisi vəzifəsi tapşırılır. Təqribən bir il işlədikdən sonra burada baş verən bir hadisə onun taleyində xeyli gərginlik yaradır.
Həmin hadisə ilə bağlı Hətəm Quliyevi yaxından tanıyan, uzun illər müxtəlif vəzifələrdə çalışan əmək veteranı Məzahir Rəfiyevin dedikləri:
— Bu barədə o vaxt bütün Qarabağ danışırdı. Hətəm əmi Bərdədə siyasi şöbənin rəisi işləyərkən — 1943-cü ildə pozuculuq fəaliyyəti ilə məşğul olan bir dəstə barədə iş qaldırır. Həmin şəxslər o vaxtlar Bərdənin raykom katibi işləyən Aslanovun yaxın adamları imiş. Odur ki, raykom katibi bu işi açıb-ağartmamasını Hətəm əmidən xahiş edir və hətta bunun müqabilində ona çox böyük məbləğdə rüşvət də təklif edir. Şübhəsiz, Hətəm müəllim bu təklifdən kəskin şəkildə imtina edir, raykom katibini acılayaraq kabinetdən çıxır və bildirir ki, ona arxayın olub, harınlaşmış həmin adamları cəzalandıracaq. Onu da deyim ki, o vaxtlar siyasi şöbələr rayon partiya komitəsinə tabe deyildi, birbaşa Mərkəzi Komitə qarşısında hesabat verirdi.
Raykom katibi səhvə yol verdiyini və bunun nəticəsinin pis olacağını başa düşərək qabaqdangəlmişlik edir. O, Bakıya gedərək yaxın münasibətdə olduğu Azərbaycan KP MK-nın ikinci katibi Çeplakovla görüşür. Hətəm Quliyevin raykomun işinə mane olduğu, özbaşınalıq etdiyi barədə müxtəlif donoslar verir. 
Müharibə illərində arxa cəbhədəki rəhbər işçilər də yorulmaq bilmədən gecə-gündüz işləyir, bəzən kabinetdə gecələyirdilər. Bir gün gecə yarıdan xeyli keçmiş Hətəm müəllim kabinetində işləyərkən Mərkəzi Komitənin ikinci katibi Çeplakov zəng edir. O, salamsız-kəlamsız, rusların tez-tez işlətdiyi ana söyüşü ilə Hətəm Quliyevi təhqir edərək, soruşur ki, sən orada nə özbaşınalıq edirsən?! Ömründə kiminsə qarşısında əyilməyən, qürurunu hər şeydən uca tutan Hətəm müəllim o boyda vəzifə sahibinin bu kobudluğundan sarsılsa da, dərhal özünü ələ alıb cavabını verir: Çeplakovun söyüşünü bir qədər də kəskin şəkildə özünə qaytarır və dəstəyi yerinə qoyur...
Bu gün bunları danışmağa nə var. İndiki nəsil çətin ki, həmin situasiyanı dərk edib qiymətləndirə bilsin. O dövrün adamları yaxşı bilirlər ki, otuzuncu illərin repressiya dalğasının bir qədər səngisə də, hələ davam etdiyi, müharibənin qızğın çağında insanı heç bir səbəb olmadan məhkəməsiz — divansız yerindəcə güllələyir və heç kəsə də hesabat vermirdilər. O ki, ola respublikada vəzifəcə ikinci adamın — əslində Moskvanın Azərbaycandakı canişininin üzünə telefon qapayasan, bu, ən azı özü-özünə qəsd demək idi...
Belə də oldu. Ertəsi günü rayonda aləm bir-birinə dəydi. Bakıdan bir neçə nəfər qara plaşlı, qara eynəkli şəxs gəlib dedi. — “Yoldaş Bağırovun əmridir, bizimlə getməlisiniz”. 
İşin nə yerdə olduğunu başa düşən Hətəm müəllim ailə üzvləri, dost-tanışla halallaşıb, vidalaşıb onlarla yola düşdü. Daha hamı ondan əlini üzmüşdü. Kişi heç nədən əlli-ayaqlı getdi, — deyə fikirləşirdilər. Aradan bir neçə gün keçəndən sonra Hətəm əmi sağ-salamat qayıdıb gəldi. Bütün rayon camaatı sevinirdi. Həm də təəccüblənirdi ki, görəsən bu bəladan necə qurtarıb? Hətəm müəllim sonradan etibar etdiyi yaxın adamlarına bu barədə açıqlama vermişdi. Deyib ki, mənim məsələm Mərkəzi Komitənin bürosunda müzakirə olundu. Mircəfər Bağırova qabaqcadan birtərəfli məlumat verildiyindən bərk əsəbiləşmişdi. Odur ki, dərhal üstümə qışqırdı:
— Sən nə haqla MK-nın ikinci katibini təhqir edirsən, üzünə telefon qapayırsan? 
Fikirləşdim ki, burada daha “günahkaram”, — deyib üzr istəməyin yeri yoxdur. Odur ki, dedim:
— Yoldaş Bağırov, məsləhət bilirsinizsə məlumat verim. 
Bağırov sərt şəkildə: — De görüm, nə deyəcəksən?
Mən hadisə barədə ətraflı məlumat verəndən sonra Bağırov təkrar soruşdu:
— Bəs yoldaş Çeplakovu niyə təhqir etdin?
— Yoldaş Bağırov, gecə yarıdan keçmiş iş telefonum zəng çaldı. Telefonda mənə dedilər ki, bir dəqiqə gözləyin MK-nın ikinci katibi sizinlə danışacaq. Sözün doğrusu, elə bildim ki, rayonda işin gedişi ilə maraqlanacaq. Mən də qabaqcadan hazırladığım arayışı əl altında qoydum ki, məlumat verim. Yoldaş Çeplakov isə salamsız-kəlamsız, birbaşa ana söyüşü ilə başladı... Mən də cavab verdim... Hər kəsə öz anası əzizdir və mənim anam heç kimin anasından əskik deyil.
Mənim izahatım həm MK-nın birinci katibinə, həm də büro üzvlərinə, deyəsən, təsir etdi. Bağırov mənə işarə elədi ki, bayıra çıxım. 
Mən çıxandan sonra orada nə söhbət getdiyindən xəbərim olmadı. Amma, ertəsi günü Bağırov məni qəbul etdi, həmin məsələnin üzərinə bir daha qayıtmadı. Özü deməsə də, münasibətindən hiss etdim ki, cəsarətim onun xoşuna gəlib. Mənə bildirdi ki, büro səni Ağcabədi Rayon Partiya Komitəsinin katibi vəzifəsinə məsləhət görür...
Hətəm Quliyev Ağcabədidə cəmi 6 ay raykom katibi işləyir. Onu MK-ya çağırırlar ki, Tərtər rayonu çox geriləyib, plan yerinə yetirilmir. Təcrübəli yerli kadr kimi Tərtərə göndərilirsən. Üç vəzifədən birini seç: raykom katibi, icrakomun sədri və MTS-in müdiri. Hətəm müəllim MTS-in müdirliyini seçir. Lakin getdikcə özü də hiss edir ki, onun başı üzərində qara buludlar dolaşmaqdadır. Tez-tez yoxlamalar göndərilir. Hətta əvvəlki iş yerlərində “köhnə palan içi eşirlər”. Hətəm müəllim bunun haradan qaynaqlandığını hiss etmişdi. Bilirdi ki, MK-nın ikinci katibi girəvələyib onu çalacaq. Belə bir məqam ələ düşdü. 1946-cı ilin payızında Tərtər Rayon Partiya Komitəsinin iclası keçirilərkən üç nəfər naməlum silahlı şəxs salona girərək rəyasət heyətini atəşə tutdu və tez aradan çıxdı. Raykom katibi Teymur Əliyev aldığı yaradan keçindi. 
MTS-in müdiri, büro üzvü Hətəm Quliyev uzaq təsərrüfatların birində olduğu üçün həmin iclasda iştirak etmirdi. Bakıdan göndərilən yüksək ranqlı əməliyyat-istintaq qrupunun üzvləri bu faktdan yapışaraq, şübhəli şəxs qismində onu qaraladılar. Canüzücü, uzun istintaq başlandı. Şübhəsiz, heç nəyi sübut etmək mümkün olmadı. Təkzibedilməz faktlar, şahidlər Hətəm müəllimin bu işdən xəbərsiz olduğunu göstərirdi. Lakin “yuxarıdan” göstəriş vardı ki, nə yolla olursa-olsun Hətəm Quliyev tutulmalıdır. Bu iş Yemelyanov, Markaryan, Sumbatov kimi “cəllad”ların nəzarətində idi. Nə qədər çalışsalar da “ölüm işini” onun boynuna qoymaq mümkün olmadı. Yoxsa, onu ölüm hökmü gözləyirdi. Çox çək-çevirdən, təkrar-təkrar yoxlamalardan sonra axır ki, ilişməyə bəhanə “tapdılar”: Guya H. Quliyev işlədiyi yerlərdə səhlənkarlığa, təsərrüfatsızlığa yol verib, dövlət əmlakının qorunub saxlanmasına biganə yanaşıb, əliəyrilik faktlarına göz yumub... Həm də bu işlər guya qrup halında həyata keçirilib. Məhkəmə belə bir saxta ittiham əsasında Hətəm Quliyev barədə əmlakı müsadirə olunmaqla 25 il həbs cəzası kəsir və bundan əlavə 5 il sürgündə yaşaması barədə qərar qəbul edir. Onunla bərabər şərlənib tutulanlar barədə də müxtəlif cəzalar kəsilir...
Hətəm Quliyev Qorki vilayətindəki həbsxanaya göndərilir. Oradan o, haqsız yerə həbs olunması ilə bağlı Moskvaya — Sov.İKP MK-ya, Siyasi Büroya, SSRİ Ali Soveti Rəyasət Heyətinə, Ali Məhkəməyə və digər instansiyalara məktublar göndərir, teleqramlar vurdurur. Nəhayət, Sov.İKP MK-nın katibi G. M. Malenkovun göstərişi ilə SSRİ Ali Məhkəməsi işi təkrar istintaqa göndərir. Və məlum olur ki, məhkəmə qərəzli aparılmış, saxta dəlillər əsasında hökm çıxarılmışdır. SSRİ Ali Məhkəməsi Hətəm Quliyevə və onunla birlikdə həbs edilən daha 4 nəfərə tam bəraət verir, onların müsadirə olunmuş əmlakları özlərinə qaytarılır. Beləliklə, Hətəm müəllim heç bir təqsiri olmadan 4 il 2 ay həbsxanada yatmalı olur.
Bundan sonra ona müxtəlif işlər təklif olunsa da başının salamatlığı naminə heç birini qəbul etmir, sadə kolxozçu kimi, kolxoz işlərində çalışır: pambıq, taxıl becərir, kətmən vurur, suçu işləyir... Ta, Stalinin ölümündən sonra respublikada hakimiyyət dəyişikliyinədək. 
İmam Daşdəmirov Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra köhnə dostu, təcrübəli kadr Hətəm Quliyevi axtarıb tapır və 1954-cü ildə onu Kənd Təsərrüfatı Nazirliyinin Xırdalandakı təchizat bazasına müdir vəzifəsinə təyin edir. Üç il burada işlədikdən sonra o, Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyinin Bakı ekskavator təmiri təcrübə zavodunun direktoru vəzifəsinə göndərilir və 15 ilədək bu vəzifədə işləyir. Burada onun zəngin təcrübəsi, təşkilatçılıq və idarəetmə qabiliyyəti bir daha özünü göstərir. Zavod 12 il dalbadal Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin və SSRİ Ali Soveti Rəyasət Heyətinin Keçici Qırmızı bayrağını alaraq möhtəşəm uğurlara imza atır. Müəssisədə ilk dəfə olaraq 40 tonluq trayler — yedəklərin istehsalı qaydaya salınır. Zavodun məhsullarından xaricdə, xüsusən Misirdə, Asyan bəndinin tikintisində istifadə olunur. 
Hətəm müəllim 1971-ci ildə akademik İmam Daşdəmirovun təkidi ilə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda yeni növ toxumların tətbiqi üzrə şöbəsinin müdiri vəzifəsində işləməyə başlayır. Bu şöbənin təsərrüfatı Ağdərə rayonunun Mərgüşəvan kəndində (indi Tərtər rayonunun ərazisidir — Q.P.) yerləşir. Burada da o, çox işlər görür. 1975-ci ildə Tərtər çayının yatağında qazdırdığı artezian quyusundan yüksək təzyiqlə çıxan çox keyfiyyətli içməli suyu xüsusi boru ilə gətirdərək Tərtər elmi-tədqiqat seleksiya bazasının yaxınlığında bir bulaq tikdirir. Hamının “Hətəm bulağı” kimi tanıdığı həmin çeşmə otuz ildən artıqdır ki, bu yerin insanlarına, bu yoldan keçənlərə xidmət edir. Və qədirbilən insanlar hər dəfə bu bulağın şəfalı suyundan içdikdən sonra onu tikdirən xeyirxah kişinin ruhuna dualar oxuyurlar.
Həyatda qarşılaşdığı haqsızlıqlar Hətəm müəllimi əyib sındıra bilməsə də, onun səhhətindən yan keçmədi. O, 1993-cü ilin fevralın 23-də dünyasını dəyişdi.
Uzun illər Hətəm müəllimlə dostluq etmiş respublika Ağsaqqallar Şurası sədrinin müavini Sadıq Murtuzayev:
— Hətəm Quliyev Qarabağın adlı-sanlı kişilərindən idi. Akademik İmam Daşdəmir oğlu Mustafayevin yaxın dostu idi. Onların dostluğu isə təsadüfən yaranmamışdı. Mən onun şəxsiyyətində mərdlik, əsl kişilik nümunəsi, sözübütövlük, işlədiyi sahədə, rəhbərlik etdiyi kollektivdə böyük hörmət qazanmaq bacarığı ən çətin anlarda sarsılmamaq kimi keyfiyyətlərin şahidi olmuşam.
Hətəm müəllimlə dostluq etdiyim uzun illər ərzində onun mərdliyinə, əyilməzliyinə, eyni zamanda çox incə, təmiz, həssas, qayğıkeş ürəyinə daha yaxından bələd oldum.
Məhərrəm Baxşəliyev — Bakı elektroştamp zavodunun sabiq direktoru:
—Tale elə gətirdi ki, Hətəm müəllimin direktor işlədiyi Bakı ekskavator təmiri təcrübə zavodunda istehsalat şöbəsinin rəisi vəzifəsində çalışmalı oldum. Elə ilk gündən kollektivin bütün üzvlərinin ona tükənməz hörmət və məhəbbətinin şahidi oldum. O vaxtlar rəhbər işçilərə müraciət edərkən atasının adı da çəkilirdi. Hətəm müəllimə hamı “Atam Musayeviç” — deyə müraciət edirdi. Hamı ondan ata qayğısı, ata diqqəti gördüyü üçün belə deyirdi. Elə bil, Allah-təala Hətəm müəllimi yaxşılıq etmək üçün yaratmışdı. O, insanlara əl tutmağı, kasıblara kömək etməyi, ehtiyacı olanlara yardım göstərməyi özünə borc bilirdi. 
Hətəm Quliyevin xidmətləri “Şərəf nişanı” (1945-ci ildə), “Qırmızı Əmək Bayrağı” (1966) ordenlərinə, onlarca medala, SSRİ və Azərbaycan SSR Ali sovetlərinin, ittifaq və respublika nazirliklərinin çoxsaylı fəxri fərmanlarına və digər mükafatlara layiq görülüb. 
Hətəm müəllim ailəcanlı kişi olub. Ömür-gün yoldaşı Xurşud xanımla birgə 4 övlad böyüdüb ərsəyə gətirmişdir. Böyük qızları Şura xanım Binəqədi rayonunda müəllim işləyir. Oğlanlardan böyüyü Vahid Quliyev dəmiryolçu olub, beş il bundan əvvəl dünyasını dəyişib. Tofiq Quliyev indiki Azərbaycan Neft Akademiyasını bitirib, uzun illərdir ki, neft sənayesində çalışır. Geologiya-minerologiya elmləri namizədidir. Rasim Quliyev Tibb İnstitutunu bitirib, hazırda ATU-nun II daxili xəstəliklər kafedrasının dosentidir. Hətəm müəllimin 9 nəvəsi var. Övladlarının hamısı onun adına layiq olmağa çalışır.
Həyatda yaxşı kişilər çox olub. Şübhəsiz, həmin şəxsiyyətlər barədə xatirələr onları tanıyan insanların yaddaşlarında yaşayır. Təəssüf ki, nəsillər dəyişdikcə bu xatirələr də unudulub gedir. Yaxşı insanlar unudulmasın deyə belə insanlar haqqında xatirələri qələmə almaq və onların əbədiliyini təmin etmək, zənnimizcə, nəcib bir iş olardı.