Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Görkəmli şəxsiyyətlər
29 Noyabr , 2015

Məhəmməd Kəngərli

Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan davasının yorulmaz əsgəri, görkəmli ziyalı və Azərbaycan diasporunun ağsaqqallarından olan Məhəmməd Kəngərli 1914-cü il yanvar ayında Tərtər rayonunda anadan olmuşdur. 
Ali təhsil aldıqdan sonra sovet ordusu sıralarına çağırılmış və 1941-ci ildən etibarən Hitler Almanıyasına qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. 1942-ci ildən Alman əsirliyində olan Kəngərli çox böyük çətinliklər içində Azərbaycanın müstəqillik və azadlıq mübarizəsinı aparmışdır. Müharibədən sonra Türkiyəyə gəlmiş və 1950-60-cı illərdə Türkiyə Qırmızı Aypara Cəmiyyətində (Kızılay Derneği) işləmişdir. Bu təşkilatdakı fəaliyyətinin böyük bir qismi Pakistanda keçmişdir.
Məhəmməd Kəngərli Azərbaycan Respublikasının müstəqillik banisi, M. Ə. Rəsulzadənin yaxın silahdaşlarından biri olmuşdur. O, Rəsulzadə tərəfindən yaradılmış Azərbaycan Milli Mərkəzinə rəhbərlik etmiş, Azərbaycan Mədəniyyət Cəmiyyətində (Kültür Derneği) fəaliyyət göstərərək uzun müddət sədr vəzifəsini yerinə yetirmiş, Azərbaycan Müsavat Partiyasının mühacirətdəki liderlərindən biri olmuşdur. 
1980-cı illərin ortalarından başlayaraq ermənilərin Azərbaycana qarşı təcavüzkar əməlləri Kəngərlini ən çox narahat edən məsələlərdən idi. O, Azərbaycana qarşı tətbiq olunan infiormasiya blokadasının qırılması, Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə və oradan da dünyaya yayılması üçün böyük işlər görürdü. 
Kəngəli həqiqi bir Azərbaycan aşiqi idi, Azərbaycanla nəfəs alıb nəfəs alırdı… Çünki Rəsulzadə məktəbinin yetirməsi idi. Rəsulzadənin “Azərbaycan” deyərək son nəfəsini verdiyini öz gözləri ilə görmüş bir insan idi. Kəngəli bu məktəbin bir davamçısı kimi heç vaxt şan şöhrət, titul, ad-san dalınca qaçmamışdır. Bəlkə də potensialı baxımından buna ən çox imkanı olan bir adam idi. 
Dərin elmi təfəkkürü və fövqəladə dərəcədə geniş və dərin məlumatı ona hörmət əlaməti olarak dostları arasında “gəzən akademiya” adı qazandırmışdı. Kəngərli bir tarix, fəlsəfə, siyasət, ədəbiyyat və s. professoru deyildi. Ancaq bu mövzularda bir professordan daha da artıq istiqamət verə biləcək, yol göstərə biləcək bir potensiala və şövqə sahib idi. Onun ilham qaynağı ruhunun dərinliklərindən süzülüb gələn Azərbaycan sevgisi idi. 
Kəngərlinin cənazəsi 22 avqust 2006 tarixində Ankara Karşıyaka qəbristanlığında torpağa verilmişdir.