Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Görkəmli şəxsiyyətlər
30 Noyabr , 2015

CAVANŞİR BEHBUD XAN AZAD OĞLU

(1886, Tərtər r, Azad Qaraqoyunlu k. – 1921, İstanbul)


Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və ictimai xadimi. Almaniyada və İngiltərədə təhsil almışdır. 1912 ildə Frayberqdə (Almaniyada) Dağ – mədən Akademiyasını bitirmiş, neft emalı müəssisələrində baş mühəndis işləmişdir. “Rusiya texnika cəmiyyəti”nin üzvü idi. Elmi fəaliyyətlə də məşğul olmuşdur. “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin rəhbərlərindən biri idi. 1918 il Bakıda mart soyqırımı zamanı barışıq komitəsində iştirak etmişdir. 1918 ilin iyun – dekabr aylarında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində daxili işlər naziri olmuş, 1918 ilin oktyabrından isə, eyni zamanda ticarət və sənaye naziri vəzifələrini icra etmişdir. Cümhuriyyət Parlamentindı bitərəflər fraksiyasının üzvü olmuşdur. Alman, ingilis, fransız, rus və gürcü dillərini mükəmməl bilirdi. Aprel işğalından sonra neft sənayesində çalışmışdır. Avadanlıq almaq üçün İstanbula göndərilən Behbud xan orada “Pera Palas” otelinin qarşısında erməni terrorçusu Toplaqyan tərəfindən odlu silahla yaralanmış, xəstəxanada vəfat etmişdir. Ölüm ayağında “Mənim şəxsi düşmənim yoxdur. Məni ermənilər vura bilər…” demişdir.

Behbud bəy Cavanşir 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub vəTiflismağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. 1902-ci ildə Almaniyaya gedib Frayberq Dağ-Mədən Akademiyasına qəbul olan Behbud bəy burada mükəmməl təhsil alıb. Akademiyanı fərqlənmə ilə bitirərək mühəndis ixtisasına yiyələnib. Alman dilini mükəmməl bilən Behbud bəy ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb.

1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qarabəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsabəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur". Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud bəyin Qarabağın Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir.

1907-ci ilin payızında tam məxfı qrifi ilə Daxili İşlər Nazirliyinin Cavanşir uyezdinin rəisinin Tərtər stansiyasından yazdığı 29 saylı məktubda həmin ilin 28 avqustunda yazılmış məlumata bir daha istinad olunaraq "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizlənərək dövlət əleyhinə fəaliyyət göstərən "Difai" komitəsinin rəhbərləri"nin ad və soyadları yenidən açıqlanır. Yalnız Lütvəli bəyin adının yerli dialektə uyğun olaraq Niftalı bəy kimi yazılması informasiyanın şifahi mənbəyə əsaslandığını təsdiqləyir. Tədbirlər görülənə qədər xalq arasında geniş nüfuza malik olan "Difai"nin səyi sayəsində erməni terroru ilə üz-üzə qalan saysız-hesabsız günahsız vətəndaş ölüm təhlükəsindən xilas olur.

1908-ci ildə Bakıda "Daşnaksütyun" partiyasını möhkəmləndirmək məqsədi güdən xəyanətkar Stepan Şaumyan pərdələnərək Behbud bəyin sayəsində "Xalq Evinin" müdiri təyin olunur. Dubinski-Muxadzenin "Şaumyan" kitabında bu məsələlərə aydınlıq gətirilir. Orada bildirilir ki, realnı məktəbdə altı il birgə oxuyub, ürək sirrlərini bir-birlərinə açan Azərbaycanlı xanın oğlu Behbud Cavanşirin erməni Şaumyanın həyatındakı rolu böyük olsa da, Stepanla Behbud çox vaxt eyni yolla getməmişlər. Onları bir-birindən çox şey ayırırdı - ictimai vəziyyət, həyat idealları, siyasi baxışlar.

Almaniyada mədən akademiyasını bitirəndən sonra Behbud Cavanşir bacarıqlı mühəndis kimi qayıtmış, iri neft sənayesi firmalarının direktoru işləmişdir. Azərbaycan millətçilərinin hökumətində onun üçün nazir vəzifəsi ayrılmışdır. Sonra Behbud millətçilərlə əlaqəni kəsərək özünü Sovet hakimiyyətinin sərəncamına verir.

1918-ci il iyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin yaratdığı hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutan Behbud bəy Cavanşir həmin ilin oktyabrın 6-da sənaye və ticarət nazirini də əvəz edir. Sonradan vəzifədən uzaqlaşdırılsa da, parlamentdə iştirak etməklə yanaşı, 18 iyul 1919-cu ildən "Dəyanət" kommersiya şirkəti açıb xarici ticarətlə məşğul olur və bu sahədə görünməmiş müvəffəqiyyət qazanır.

Behbud bəy Cavanşirin Almaniyadan gətirərək öz sahələrində əkdirdiyi yumşaq buğda növləri və uşaqlıq dostu Əlfinin fermer təsərrüfatında bəslənilən qara-ala buzovları Qarabağ iqliminə uyğunlaşmışdı. Qarabağda bu günə qədər yaddaşlarda qalmış "Behbudun çörəyi, Əlfinin qatığı" deyimi də görülən işin səmərəsinin təsdiqidir. O vaxt Qarabağda yolların abadlaşdırılması da, buraya ilk avtomobil gətirmiş Behbud bəyin adı ilə bağlıdır.

Azərbaycan cəmiyyətindəki sabitliyə ciddi təsir edən amillərdən biri Müsavatda formalaşaraq partiya daxilində, parlamentdə və cəmiyyətdə stabilliyin pozulmasına şərait yaradan sol qanad idı. Parlamentdə sağlam müxalifət olan Q.Qarabəyovun rəhbərlik etdiyi "İttihad"a qoşularaq ziddiyyəti artıran sol qanadın əsas lideri M.H.Hacınskiyə nüfuz sahibi olan bitərəflər qrupunun rəhbəri Behbud bəy Cavanşirin də qatılması ciddi platforma yaradırdı. Bir vaxtlar Əhməd Ağaoğluyla birgə "Difai"ni yaratmış Qarabəy Qarabəyov, Məhəmməd Həsən Hacınski, Behbud bəy Cavanşirin Sovet Rusiyası ilə diplomatik münasibətlər qurmaq tələbini təftiş edən bəzi tədqiqatçıların onları bu məqsədə görə günahlandırmaları əsassızdır.

Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun tapşırığı ilə Cənubi Qafqaz Soveti Xarici Ticarət Təmsilçisi kimi neft-mədən avadanlığı almaq üçün bir müddət Almaniyada yaşayan Behbud bəy Cavanşir 1921-ci ilin yayında milliyyətcə rus olan həyat yoldaşı Tamara xanım, eləcə də qardaşları Surxay və Cümşüdlə birlikdə İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olur. Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım xatirələrində yazır: "Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi.... Azərbaycan daxili işlər naziri Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə başındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən evimizi tərk edib "Pere Palas" mehmanxanasına yerləşdilər. Ertəsi gün səhər tezdən anamla Behbud xanın axşam "Pere Palas" mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik." (Vilayət Quliyev. Ağolular. B.1998. səh 153.)

17 iyul 1921-ci ildə Behbud xan Cavanşirin həyat yoldaşı Tamara xanım, qardaşları Cümşüd və Surxayla gecə saat 23-00-da "Təpəbaşı" Ailə Kazinosunun İtalyan səfirliyinə baxan qapısından çıxaraq "Pere Palas" otelinə yönələrkən arxadan qaçaraq gələn, şapkasını gözlərinin üstünə qədər endirmiş cılız, kəsik bığlı, əyri burunlu birisinin Mauzer markalı silahdan açdığı atəşlə ağır yaralanması Murat Çulcunun "Ermeni entrikalarının pərdə arkası. Torlakyan davası" kitabında dəqiq təsvir olunur. Üç dəfə dalbadal açılan atəşdən sonra yaralı Behbud xanın qatilin üzərinə gedərkən üzüüstə yerə yıxılması, növbəti güllənin Tamara xanımla birgə qatilin silah tutan əlindən yapışmış iyirmi yaşlı Cümşüdün sol yanağını sıyırması, Galatasaray mərkəzi karakolunun polis məmuru Əli əfəndinin fit çalaraq hadisə yerinə yetişib Mişak Torlakyanı qandallaması və nəhayət xəstəxanaya çatdırılan Behbud xanın otuz beş dəqiqədən sonra heç bir tibbi müdaxilə edilmədən dünyasını dəyişməsi, rus inqilabı və hərcmərclik illərində dəfələrlə sui-qəsdlərə məruz qalsa da, öz həyatını soyuqqanlıqla qorumağı bacaran bir igidin: "Cənablar, pəncərəni açın, hava çatışmır, mən ağırlaşıram!" son kəlmələri kitabda əksini tapıb.

20 iyul 1921-ci ildə, ölümündən üç gün sonra bəzi qüvvələrin müqavimətinə baxmayaraq Behbud xanın Beşikdaşdakı Yəhya əfəndi dərgahındakı dəfn mərasimi kütləvi nümayişə çevrilir. Lakin ingilis hərbiçilərin qərargahinın yerləşdiyi Kroker otelində (indiki İstanbul Sənaye Odasının binası) saxlanılan terrorçu Misak Torlakyanın məhkəməsi bilavasitə cinayət hadisəsini deyil, millətlərarası münaqişəni birtərəfli araşdırmaqla siyasiləşdirdi. Behbud xanın bolşeviklərlə əlaqəsini qabardan məhkəmə başkanının sualını cavablandıran Cümşüd xan məhkəməyə ifadə verir ki, qardaşı bolşeviklərə xidmət etmək məcburiyyətində qalmışdı, əks halda ac qalacaqdı. Bolşeviklər ona mühəndislik vəzifəsi verdilər, o, da bunu məmnuniyyətlə qəbul etdi. Çünki bu iş onun ixtisasına aid idi.

Məhkəmə prosesində az qala millət qəhrəmanına çevrilən Torlakyanın vəkili Hasruyanın sualını cavablandıran Tamara xanımın həyat yoldaşının Müsavat firqəsindən ayrılması faktını qulaq ardına vuran hakimlər ingilislər əleyhinə hazırlanan planlarda əli olduqlarından şübhələndikləri Behbud xanın Ənvər paşa və Nuru Paşa ilə əlaqələrini önə çəkirlər: "İngilislərin əleyhinə hazırlanan planlar və ya erməni qətllərində yoldaşımın zərrə qədər qatılacağı yoxdur. Bakının türk əsgərləri tərəfindən işğalından üç həftə sonra Nuru Paşa evimizə gəldi. Ənvər Paşa evimizə gəlməmişdi. Nuru Paşa isə bizi rəsmən ziyarət etmişdi" sözləri Tamara xanımın çəkinmədən həqiqəti söylədiyini təsdiqləyir.

Şahid qismində çıxış edən "Azərbaycan" qəzetinin müxbiri Şəfi bəy Rüstəmbəyov onun barəsində bunları demişdir: "Rus inqilabından əvvəl Cavanşir məşhur bir mühəndis idi. Sadəcə peşəsilə məşğul olub siyasi işlərə qarışmazdı. İnqilabdan sonra namuslu bir vətənpərvər kimi Azərbaycanın siyasi və milli məsələlərinə qoşuldu. Azərbaycan hökuməti qurulmazdan əvvəl Musavat firqəsinə mənsub idi. Ermənilərlə müsəlmanlar arasındakı ixtilafı sülh yolu ilə düzəltmək istəyirdi. Cavanşir sülhsevər insan olub ermənilər və müsəlmanlar tərəfindən təşkil edilən heyət üzvlərindən biri kimi Gəncə və Qarabağa getmişdi. Cavanşirin Bakı erməniləri arasında bir xeyli dostu vardı. Cümhuriyyət dövründə daxili işlər naziri olmuşdu. Nazirliyi dövründə fəal adam olduğundan ermənilər və müsəlmanlar ondan çox razı idilər. Onun nazirliyi dövründə ölkənin heç bir yerində çatışmalar olmayıb. Azərbaycan və türk ordusu Bakını aldıqdan və hökumət Gəncədən Bakıya köçdikdən sonra onun əmirləri sayəsində Bakıda asayiş bərpa olunmuşdu". Behbud xan Cavanşirin qəzetlərdə yayımlanan müraciətinin mətnini bir daha nəzərdən keçirən natiqin: "Bu əmirnamədə bəzi məsuliyyətsiz şəxslərin soyğun və qəsblərə yol veridiyini, onların hərbi məhkəmələrdə cəzalanacaqlarını bildirir" fikrini önə çəkməsi təkzibolunmaz fakt kimi səslənir.

Vəkil Hasruyanın: "Məqalənizdə Azərbaycanın, bütün türklərin mərkəzi olacağını söyləyirsiniz. Digər tərəfdən azərilərin müqəddəratının Anadoluya bağlı olduğunu yazırsınız. İndi ortada bir Ermənistan dura-dura necə olur ki, Azərbaycan türklərin mərkəzi olsun?" sualına Şəfi bəyin cavabı belə olur: "Yalınz Ermənistan deyil, Gürcüstan da var. Mən bir siyasi mərkəz olacağını nəzərdə tuturdum. Azərbaycanla Anadolu arasında başqa millətlər də yaşayırlar".

Bakıda mart qırğınları zamanı şəhərdə iki böyük binadan biri olan, müsəlman mədəniyyətinə dair nadir kitabların saxlanıldığı İsmailiyyənin yandırılmasını xatırladan Qara Ağazadə Əhməd Həmdinin erməni Mirzabeyan binasının toxunulmaz qaldığını söyləyir: "Cavanşir tərəfindən yayınlanan bəyanatı gördüm və oxudum. Orada hər kəsin bərabər hüquqda olub, vətəndaş münasibəti görəcəyindən, fəqət asayişi pozanların şiddətli cəzalandırılacaqlarından bəhs edilir".

Məhkəmədə silahları yığılmış müsəlmanlara ermənilərin hücumu barədə çıxış edən Qacar nəslindən olan prenses Ziba xanımın "Erməni məhəlləsindən güllələr yağırdı. Qətliamın üçüncü günü küçəyə çıxıb bizə yaxın olan yanğın yerlərinə getdim. On səkkizə qədər qadın və uşaq cəsədləri gördüm. Qarnı yarılmış hamilə qadının körpəsi qarnından çıxarılaraq parçalanmışdı. Yaşlı bir kişinin damarları kəsilərək həyatına ağır-ağır son qoyulmuşdu. Qətliam bizə paralel olan küçəyə qədər gəlib çatmışdı. Orada dayandırılmışdı" sözləri, şahid Yusif bəy Qasımovun divara mıxlanmış uşağı, parça-parça edilmiş qadını xatırlaması, Təzəpir məscidində təqribən 600-ə qədər cənazənin dəfnə hazırlandığını bildirməsi, hakimin "Talayev adında adam tanıyırsızmı?" sualına bu erməni zabitinin Bakıda bir çox evləri yandırdığını söyləməsi məhkəmə üzvləri tərəfindən soyuqqanlılıqla qarşılanır.

Məhkəmədə iştirak edən hüquq fakültəsinin tələbəsi Sürəyyə xanım Ağaoğlunun "Kiçik, zəif adam olan qatil tir-tir titrəyirdi. Prokuror onun üçün ölüm cəzası istədi. Tələb bizi də heyrətləndirdi. Bu gənc zabitdən belə cəsarəti gözləmirdik. Lakin həmin prokuror 24 saatın içərisində Türkiyədən uzaqlaşmağa məcbur edildi. Yerinə gələn yeni prokuror isə müttəhimin bəraətini istədi. Təbii, qatilə bəraət verildi və həmin gecə buradakı ermənilər tərəfindən vəkili ilə birlikdə Amerikaya qaçırıldı" fikri bu siyasi şounun acı nəticələrini təsdiqləyir.

Behbud xanın kiçik qardaşları Cümşüd və Surxay ömürlük Türkiyədə qalsalar da, Tamara xanım ömrünün sonuna qədər Moskvada tənha yaşayır. 1948-ci ildə sürgündən qayıdan Behbud bəyin bacısı oğlu Əkbər Cavanşir yolüstü Tamara xanımın qonağı olarkən ondan nə əcəb ailə qurmadığını soruşur. Tamara xanım belə cavab verir: "Behbud xan kimi bir kişi tapmaq mümkünsüzdür". Məhkəmədə vəkil kimi çıxış edən Haydar Rıfat bəyin qızı Hamiyet xanım ilə Cümşüd Cavanşirin izdivacından dünyaya gələn Behbud Cavanşir xatirələrində atasının vətən həsrətindən söz açır. Cümşüd bəyin turist kimi Sibirə gedərək öz qohumlarını orada soraqlamasından, xüsusən qardaşı Rəşidin kiçik qızları Zəminə ilə Bəturədən nigaranlığından söz açır. "Son olaraq atam Cümşüd Xan bir ara Azərbaycanda qalan Rəşid əmimizin qızlarını SSRİ konsulluğuna baş vurub minbir əziyyətlə icazə alaraq Türkiyəyə gətirməyə nail olmuşdu..."