Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Rayon haqqında
24 Oktyabr , 2015

Mübariz İbrahimov

Həyatı

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabadkəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır.

Hərbi illəri

Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.[1] Bir müddət “İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Qəhrəmanlığı

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Atası Ağakərim İbrahimovun dediklərindən:

"

Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar....

"

 

2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması:

"

Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin.

"

Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalamışdır. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. 

Ölümü.

 

Mübariz İbrahimovun şəhid olmasına baxmayaraq, ermənilər onun cəsədini 141 gün saxlamışlar. Ermənilər tutduqları əməldən zövq alırmış kimi, İbrahimovun şəkillərini internet saytlarında yayımlamışlar.

Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, hərbçi Mübariz İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında qarşı tərəfdən alınmışdır. Proses əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasimində Azərbaycan prezidenti İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.. 2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər – Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilmişdir.

 

Şəxsi həyatı

 

Boksla məşğul olmağı sevirdi. Mübarizin cəbhə yoldaşı Rəşad Həsənlinin sözlərinə görə, İbrahimov namaz qılan idi və onun ən böyük arzusu səngərdə namaz qılanların olması idi.

Mübariz İbrahimov barədə olan fikirlər

Dünyanın və Azərbaycanın tanınmış ictimai və siyasi xadimlərinin Mübariz İbrahimov barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir neçəsi aşağıdakı kimidir:

·                    "Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük... Deməli, Rembo təkcə kinoda deyil, həyatda da var." - Vladimir Putin

İrsi

 

Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb.

2011-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən İbrahimova “İlin adamı” mükafatı təqdim olunmuşdur. 2011-ci il 15 iyunda Biləsuvar şəhərində Mübariz İbrahimovun heykəlinin və Əliabad kəndi ərazisində prezident İlham Əliyevin tapşırığı ilə ailəsi üçün tikilmiş yaşayış evinin açılışı olub. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, millət vəkili Qənirə Paşayeva, ombudsman Elmira Süleymanova və digərləri çıxış etmişdir. Həmin ildə “Palmali” şirkətinin Türkiyədə hazırlardığı yük gəmisi onun şərəfinə "Mübariz İbrahimov" adlandırılıb.

2013-cü ildə Mübariz İbrahimovun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Sakarya Fırat" serialında geniş yer alıb. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub. 2014-cü ildə onun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Qızıl Alma" serialında geniş yer alıb.

2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

Təltif və mükafatları

·                    2010 —  Azərbaycanın Milli Qəhrəmanı

·                    2010 —  "Qızıl Ulduz" medalı

·                    2010 —  Azərbaycanda ilin adamı mükafatı

Ədəbiyyat

·                    Fəxrəddin Mustafayev, "Mübarizlər yolu". Bakı, "Hərbi Nəşriyyat",

·                        2011. 88 səh.

·                    Maarif Köçkün"Mübariz cəsarəti". Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2011.

·                        160 səh. 500 nüsxə.

·                    Zaur Ustac, "Oriyentir Ulduzu". Bakı, "MTR group" nəşriyyatı , 2011.

·                        56 səh.

·                    Elxan Elatlı, "Qisas gecəsi" romanı. 2011.

·                    BalayarSadiq, "Hünərsimfoniyası" romanı. Bakı, "MHS-poliqraf"

·                        nəşriyyatı , 2011.

·                    Asif Rüstəmli, "Turan Mübarizi". 2011.

·                    Baxşeyiş Abbasoğlu, “Ölüm son deyil... və yaxud əbədiyyət nəğməsi”

·                     romanı.    Mingəçevir,"Mingəçevir Poliqrafiya Müəssisəsi" nəşriyyatı , 2011.

·                    Mustafa Çəmənli, "Mübariz" romanı. Bakı, "Təhsil" nəşriyyatı , 2010.

·                    Çingiz Qacar, “Turan bahaduru”.