Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Rayon haqqında
29 Oktyabr , 2015

 

Tərtər – Azərbaycanda rayon. Sovet dövründə adı Mirbəşir olmuşdur.

Tərtər rayonu Kiçik Qafqazın şimal-şərq ətəklərində və Qarabağ düzündə yerləşir. Sahəsi 957 km², əhalisi 98,1 min nəfərdir (01.01.2009). Mərkəzi Tərtər şəhəridir.

Tarixi

Qarabağın səfalı guşələrindən olan Tərtər rayonu ən qədim yaşayış məskəni olub, dağ ilə aranın qovuşduğu ərazidə yerləşir. Son dərəcə gözəl və səfalı bir ərazidə yerləşən Tərtər barədə Aleksandr Düma demişdir: «Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər».

Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar. 
IX-XIII əsrlərdə cənubi rus çöllərində və Şimalı Qafqazda yaşamış qıpçaq tayfalarından olan tərtərlilər 1280-1323-cü illərdə Bolqarıstanda hökmdarlıq sülaləsinə başçılıq etmişlər. Tərtərlilərin bir qisminin erkən orta əsrlərdə Azərbaycana gəlmələri ehtimal olunur. Bəzi tədqiqatçılara görəTərtərçay hidronomi tərtərlilərlə bağlıdır.Cənubi Uralda Tərtəroba adlı yaşayış məskəni olmuş və indi də qalmaqdadır.

Bəs Tərtər sözünün mənası nədir?

Rus mənbələrinə görə «Terter» oba adlanır, bu da «Tərtər» etnonimindən və oba sözündən götürülmüşdür.

Türk şairi Mahmud Kaşkarlının «Divani-it-lüğət-türk» əsərində isə Tərtər qumruya bənzər gözəl səslə oxuyan quş kimi verilib. Tərtərlilər tayfasının başqa bir hissəsi isə Səfəvi şahlarının dövründə yenidən Azərbaycana qayıtmışdır. Azərbaycan tarixində tərtərlilər bəzən qıpçaq adı ilə də göstərilir. Ancaq tərtərlilər bir türk tayfası olub qıpçaqlarla birləşmişlər. Onlar Tərtər çayının sahilində yaşamışlar. 
Ərdəbilli mənbələrdə Tərtər etnik adı «Sur-sur» kimi yazılmışdır. Tarixdə qeyd olunur ki, Nadir şahın əmiri Sərdar xan sur-sur tayfasını Dərbənddə oturtmuş və onların Azərbaycanda qalan bir hissəsi özlərinə ərəb ləhcəsilə «Sor-sor» yox, Tərtər demişlər.

Tərtərin yerləşdiyi coğrafi mövqe onun inkişafında mühüm rol oynamışdır, əhali əkinçilik, maldarlıqla yanaşı ticarətlə də məşğul olmuşdur.

Qədim Gəncənin adı 1804-cü ildə dəyişdirilərək çar Aleksandrın həyat yoldaşı Yelzavetanın şərəfinə Yelzavetpol qoyulmuş və 1824-cü ildə rəsmən ona şəhər adı verilmişdir. Yelzavetpol quberniyasının Cavanşir qəzasının mərkəzi Tərtər olmuşdur. İnzibati bölgüdə Bərdə də bu qəzanın tərkibində idi. Sözsüz ki, Tərtərin qəzanın mərkəzində olması onun inkişafında da mühüm rol oynamışdır.

1757-1759-cu illərdə məşhur şair M.P.Vaqifin Tərtərdə məktəbdarlıqla məşğul olması buranın mədəni inkişafı haqqında xəbər verir. Pənah xanın, Cavanşir və Mehdiqulu xanın, Nəcəfqulu və Nəriman bəyin ayaq izləri qalmış Tərtərdə Molla Vəli Vidadinin, Qasım bəy Zakirin nəfəsi qorunub yaşayır.

Tərtərdə ilk məktəb Salman Haqnəzərovun evində (indiki musiqi məktəbi) 1911-ci ildə, ilk ambulatoriya-tibb məntəqəsi 1903-cü ildə Hacı İbrahimin evində (indiki Şuşa Rayon Polis Şöbəsinin yerləşdiyi bina), ilk apteki isə 1905-ci ildə Hacı İbrahim, 1917-ci ildə Haqnəzərovlar açıb.

İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir.
1981-ci ildə Tərtərin Borsunlu kəndinin ərazisində arxeoloji qazıntı aparılarkən və eramızdan əvvəl III minilliyin əvvəllərinə aid böyük kurqan aşkar edilmişdir. İlk tunc dövrünə aid olan bu abidələrdən biri 15 kvadratmetr sahədə gil daşdan kvadrat şəklində hörülmüş üçmərtəbəli qəbirdir. Üst mərtəbədə bir insan skeleti, ikinci mərtəbədə səkkiz, üçüncüdə isə on insan skeleti aşkar olunmuşdur.

Həmin yerdən tapılan və Çor kurqan adlanan kurqandan tayfa başçısına aid qəbir aşkar edilmişdir. Qəbrin uzunluğu 32 metr, eni 8 metr, dərinliyi 4 metr olmuşdur. Qəbrin üstündə 200-dən çox indi nadir tapılan arqan ağacı döşənmişdir. Tabutun mıxları əsasən qızıl və tuncla mismarlanmışdır ki, indiyə qədər qızıl mismar vurulmuş tabuta demək olar ki, rast gəlinməmişdir. Tabuta tayfa başçısının döyüş silahları, nizə və ox ucları, döyüş təbərzini, mərmər toppuzla yanaşı, saxsı qablar, tunc və qızılla işlənmiş bəzək əşyaları, qızıl düymələr, başlığı fil sümüyündən qızıl toqqa, şüşə və əqiqdən muncuqlar tapılmışdır.
Qəbrin bir tərəfində qul və kənizlər dəfn edilib, başqa bir hissəsində isə atlar basdırılıb. Arxeoloji materiallar göstərir ki, Borsunlu ərazisində yaşamış insanlar üzümçülük və maldarlıqla məşğul olmuşlar.

 
Tərtər şəhərinin girişində Tərtər çayı üzərində tikilmiş ilk əzəmətli körpü “Kukuşka” körpüsü olub. Bu körpü çar Rusiyasının dövründə, I Dünya müharibəsi ərəfəsində - 1914-1916-cı illərdə salınıb. Strateji əhəmiyyəti olan bu körpü, Bakı-Yevlax yolunun uzantısı olub Tərtərdən keçərək Ağdama çatdırılıb. Yolun və körpünün fəaliyyəti 1930-cu illərdə dayandırılıb. Hazırda körpünün qalıqları daş sütunlar-tarixi abidə kimi qalır.

1918-ci ildə türk qoşunlarının komandanı Nuru paşa Tərtərə gələrkən çayın körpüsündən şəhərin mərkəzində yerləşən Cümə məscidinə qədər əslən Şuşa qalasından olan Məşədi Əliş yol boyu xalı döşətdirib və qonağı təmtəraqla qəbul edib.

 

Tərtər Azərbaycan Respublikasında inzibati rayondur. 1920-ci ilin aprel ayında Cavanşir qəzası yaradılmışdır. Həmin ildə Tərtər sahəsi yaradılmış və 1920-1922-ci illərdə Cavanşir qəzasının tabeliyində olmuş, 1922-ci ildə adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılıb. 7 iyul 1923-cü ildən 1929-cu ilin aprelinə kimi Ağdam qəzasının inzibati tabeliyində, 8 aprel 1929-cu ildən 8 avqust 1930-cu ilə kimi Qarabağ dairəsinin tabeliyində olmuşdur. 8 avqust 1930-cu ildə Tərtər rayonu yaradılıb. 24 fevral 1931-ci ildə Tərtər rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə verilmişdir. 27 yanvar 1934-cü ildə yenidən Tərtər rayonu yaradılmışdır. 5 avqust 1949-cu ildə rayonun adı dəyişdirilərək Mirbəşir rayonu adlandırılmışdır. 4 yanvar 1963-cü ildə Mirbəşir rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə keçirilmiş, 6 yanvar 1965-ci ildə yenidən Mirbəşir rayonu yaradılmışdır. 7 fevral 1991-ci ildə Mirbəşir rayonunun adı dəyişdirilərək yenidən Tərtər rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunu inzibati tərkibinə verilmişdir. Ağdərə rayonu ərazisindən verilən yaşayış məntəqələri də daxil olmaqla hazırda rayonda 2 şəhər, 1 qəsəbə və 74 kənd vardır. Hazırda keçmiş Ağdərə rayonundan Tərtər rayonuna verilən Ağdərə şəhəri və kəndlərdən 13-ü erməni işğalı altındadır.