Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Xəbərlər
17 Oktyabr , 2015

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova cəbhə bölgəsi olan Tərtərdə olmuşdur. E.Süleymanova əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Sonra o, rayon rəhbərliyi ilə birlikdə təmas xəttində yerləşən Qapanlı kəndində olmuş, kənd sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanmışdır. Kənd ağsaqqalı Əli Əliyev, sakinlərdən Natiq Quluyev, Bahadur Süleymanov, Elbrus Tanrıverdiyev, Gülnarə Qarayeva, Züleyxa Məmmədova çıxış edərək cəbhə bölgəsində yaşayan insanlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyeva öz minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, artıq onların qaz, su,  işıq, telefon sarıdan problemləri yoxdur. Kəndin yolu təmir olunmuş, küçələr gecə işıqlandırılması ilə təhciz olunmuşdur. Hazırda Qapanlı kəndində yeni tibb məntəqəsi tikilir. Təmas xətti olduğu üçün kəndə təcili tibbi yardım maşını, həkim briqadası ayrılmışdır.

Sakinləri diqqətlə dinləyən Ombudsman sonra toy mağarının ermənilər tərəfindən atəşə tutulması nəticəsində yaralanan Müşgünaz, Mədinə Əliyevalar və balaca Zəhra ilə görüşmüş, onlara hədiyyələr vermişdir.

Sonra Elmira xanım rayon ərazisində yerləşən hərbi hissələrdə olmuşdur.

Zabit və əsgərlər qarşısında çıxış edən müvəkkil, respublikamızda aparılan ardıcıl dövlət siyasəti nəticəsində müasir tələblərə cavab verən Silahlı Qüvvələrin yaradıldığını, ordu quruculuğunda mühüm nailiyyətlərin əldə olunduğunu söyləmiş, şəxsi heyəti vətənin müdafiəsinə daim hazır olmağa, hərbi biliklərə mükəmməl yiyələnməyə, ideoloji hazırlığı və döyüş ruhunu, nizam-intizamı daha da yüksəltməyə çağırmışdır.

Ombudsman həmçinin əsgərlərin məişət şəraiti, qidalanması, hərbi hissədə qanunlara riayət olunması, gənc əsgərlərlə rəftarın vəziyyəti ilə maraqlanmışdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova  sonra Gənclər Mərkəzində rayon sakinləri ilə ictimai dinləmə keçirmişdir.